BAKI, 19 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçirilmiş prezident seçkilərində 24 mindən çox ABŞ vətəndaşı olmayan şəxsin qanunsuz səs verdiyinin ilkin olaraq müəyyənləşdirildiyini iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Əhalinin Siyahıyaalınması Bürosu 2020-ci ilin seçici siyahılarını vətəndaşlıq məlumatları ilə yenidən yoxlamağa başlayıb. İlk 128 milyon seçici arasında ABŞ vətəndaşı olmayan 24 mindən çox şəxsin qanunsuz səs verdiyi müəyyən edilib”, – Tramp bildirib.

ABŞ Prezidenti daha 32 milyon seçicinin məlumatlarının yoxlanılacağını və nəticədə bu göstəricinin əhəmiyyətli dərəcədə arta biləcəyini iddia edib.

“Mən seçkilərdə qalib gəlmişəm”, – Tramp əlavə edib.

Qeyd edək ki, Donald Tramp 2017-2021-ci illərdə ABŞ Prezidenti olub. O, 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərində demokrat Co Baydenə məğlub olub. Tramp həmin seçkinin nəticələri ilə bağlı iddialarını dəfələrlə səsləndirsə də, seçkinin nəticəsini dəyişdirəcək genişmiqyaslı saxtakarlıq sübuta yetirilməyib.

Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində qalib gələrək ikinci dəfə Ağ Evin rəhbəri olub.