BAKI, 19 avqust. TELEQRAF
Suriyada qaz kəmərində baş verən partlayış nəticəsində bir sıra elektrik stansiyalarının qazla təchizatı dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Neft Şirkəti məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 18-i səhər saatlarında Həsəkə əyalətində yerləşən Əl-Cəbsa zavodundan keçən ixrac qaz kəmərində qeydə alınıb. Partlayış nəticəsində kəmərlə qazın nəqli dayanıb və bir sıra elektrik stansiyalarına yanacağın verilməsi kəsilib.
Hadisədən dərhal sonra mütəxəssislər quyunu və qaz kəmərinin müvafiq hissəsini təcrid edib, təhlükəsizlik klapanlarını bağlayıblar. Obyektdə təhlükəsizlik tədbirlərinin tam təmin edildiyi, şirkət əməkdaşları arasında xəsarət alanın olmadığı bildirilib.
Hazırda kəmərdə təmir-bərpa işləri aparılır.
Suriya Neft Şirkətinin ilkin araşdırmasına əsasən, partlayışın qəsdən törədilmiş təxribat aktı nəticəsində baş verdiyi ehtimal olunur.
Şirkət hadisənin bütün hallarının müəyyənləşdirilməsi və təqsirkarların aşkarlanması məqsədilə aidiyyəti qurumlarla birgə araşdırmanı davam etdirir. Eyni zamanda neft-qaz obyektlərinin və nəql xətlərinin mühafizəsinin gücləndirilməsi üçün əlavə təhlükəsizlik tədbirləri görülür.