BAKI, 19 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp administrasiya rəsmilərinə İranla danışıqları dayandırmaq barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə CNN amerikalı rəsmi və digər mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton siyasi müttəfiqlərini İranla bağlı strategiyasının dəyişməsi barədə məlumatlandırıb. CNN-in mənbələri bildiriblər ki, ABŞ-nin əvvəlki “İranı mümkün qədər tez çökdürmək” yanaşmasını Tehran üzərində təzyiqi tədricən artıraraq onu zamanla “boğmaq” strategiyası əvəz edib.
Telekanal qeyd edir ki, Tramp əvvəllər İranla danışıqların uğurla davam etdiyini və yeni razılaşmanın yaxın olduğunu dəfələrlə bildirsə də, indi bu istiqamətdə hər hansı diplomatik səyin olmadığını deyir.
CNN-in mənbələrinin məlumatına görə, Tramp danışıqlar qrupuna daxil olan kürəkəni Cared Kuşnerə, vitse-prezident Cey Di Vensə və xüsusi nümayəndə Stiv Uitkoffa Tehranla təmas qurmamaq barədə göstəriş verib.
Bildirilir ki, Tramp bu qərarı İranla “müsbət danışıqlar”dan sonra qəbul edib. Bununla belə, telekanalın mənbələri ABŞ Prezidentinin Tehranın onun irəli sürdüyü tələblər üzrə güzəştə getməyə hazır olmamasından narazı qaldığını bildiriblər.
Məlumata əsasən, Tramp danışıqları bərpa etməzdən əvvəl İran rəhbərliyinin Vaşinqtonun istədiyi razılaşmanı əldə etməyə hazır olduğunu nümayiş etdirməsini gözləmək niyyətindədir.
Qeyd edək ki, Donald Tramp daha əvvəl “Truth Social” hesabında ABŞ-nin İranla danışıqlar aparmadığını və belə danışıqlar keçirməyi planlaşdırmadığını açıqlayıb.