BAKI, 19 avqust. TELEQRAF

Suriya Türkiyə hərbçilərinin Hələb yaxınlığındakı aviabazada yerləşməsinə icazə verməklə İsraillə təhlükəsizlik sahəsində mövcud status-kvonu pozmağa yaxın olub.

Teleqraf xəbər verir ki, bu iddia ilə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi çıxış edib.

“İsrail və Suriya təhlükəsizlik məsələləri üzrə status-kvo barədə razılığa gəliblər. Suriya Türkiyə qüvvələrinin Hələb yaxınlığındakı aviabazada yerləşməsinə icazə verməklə bu status-kvonu pozmağa yaxın olub”, – açıqlamada bildirilib.

Netanyahunun ofisi İsrailin təhlükəsizliyinə qarşı təhdidlərə imkan verməyəcəyini və əvvəlcədən razılaşdırılmış status-kvoya qayıtmağa hazır olduğunu vurğulayıb.

Açıqlamada, həmçinin İsrailin Türkiyə qüvvələrinin Suriyada yerləşdirilməsinin ölkənin təhlükəsizliyinə təhdid yaradacağı barədə Dəməşqə dəfələrlə xəbərdarlıq etdiyi iddia olunub.

“Suriya bu xəbərdarlıqlara məhəl qoymamağı seçdi”, - məlumatda qeyd edilib.

Bundan əvvəl “Syria TV” İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Suriyanın İdlib əyalətindəki hərbi aerodroma zərbələr endirdiyini bildirib. Məlumata görə, hücum nəticəsində obyektə maddi ziyan dəyib, mülki şəxslər arasında itkilər barədə məlumat verilməyib.

“Reuters” isə hücum zamanı Əbu-Duhur hərbi aerodromunun uçuş-enmə zolağının və anbarlarının hədəfə alındığını bildirib.

İsrail ordusu Suriyanın şimal-qərbindəki hərbi aerodroma zərbələrin İsrail təyyarələri tərəfindən endirilməsi barədə yayılan məlumatları şərh etməkdən imtina edib.