BAKI, 18 avqust. TELEQRAF
Pentaqon 30 Amerika universitetinin Çin universitetləri ilə əməkdaşlıq proqramlarını nəzərdən keçirməsini tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Pentaqon milli təhlükəsizliyə təhdid yaradan müqavilələri ləğv etməkdən imtina edəcəkləri təqdirdə universitetləri federal maliyyələşdirmədən məhrum edəcəkləri ilə hədələyib.
Universitetlərə audit aparmaq və problemli hesab edilən əməkdaşlığa son qoymaq üçün iki həftə vaxt verilib. Pentaqon bildirib ki, tədbirlər Amerika vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən tədqiqatları oğurluqdan və sui-istifadədən qorumaq məqsədi daşıyır.
Pentaqonun baş texniki direktoru Emil Maykl bildirib ki, Müharibə Nazirliyi milli təhlükəsizliyi təhlükə altına qoyan akademik tərəfdaşlığa dözməyəcək.
Universitetlərin adları rəsmi olaraq açıqlanmır. Lakin anonimlik şərti ilə danışan ABŞ rəsmisi siyahıya Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu (MIT) və Cons Hopkins Universitetinin daxil olduğunu bildirib.
Bu əmr, Pentaqon tərəfindən ötən ay açıqlanan 130 xarici təşkilatın yenilənmiş siyahısından sonra verilib. Departamentin fikrincə, bu təşkilatlar ABŞ hökuməti tərəfindən maliyyələşdirilən tədqiqat və inkişaf layihələrinin mənimsənilməsi riskini artırır.
Siyahıdakı təşkilatların böyük əksəriyyəti Çin Elm və Texnologiya Universiteti və Çin Hərbi Tibb Akademiyası da daxil olmaqla Çin təşkilatlarıdır. Siyahıya İran və Rusiyadan bir neçə qurum da daxil edilib.
Prezident Donald Trampın administrasiyası Amerika universitetlərində potensial xarici təsirlərə dair araşdırmaları da gücləndirir. Xüsusilə, ABŞ Ədliyyə Nazirliyi Harvardın Çin donorlarından amerikalı tələbələri kənarlaşdıran şərtlərlə təqaüd verib-vermədiyini araşdırır.
ABŞ-dakı Çin səfirliyi Vaşinqtonun hərəkətlərinə qarşı çıxıb və onları normal elmi, təhsil və akademik mübadilələrin siyasiləşdirilməsi adlandırıb.