BAKI, 18 avqust. TELEQRAF
ABŞ-nin Ohayo ştatının Toledo şəhərində yerləşən “Brent Industries” şirkətinin sənaye müəssisəsində iki partlayış baş verib və ərazidə güclü yanğın başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Toledo Yanğınsöndürmə və Xilasetmə Departamentinin məlumatına görə, müəssisənin iki əməkdaşı itkin düşüb, daha bir neçə nəfər yüngül xəsarət alıb.
“Hazırda yanğını lokallaşdırmaq və bütün əməkdaşların yerini müəyyənləşdirmək üçün çalışırıq. Müəssisədə təhlükəli materiallar var. Buna görə də kimyəvi maddələr, çirklənmiş tullantı suları və partlamış çənlərlə bağlı vəziyyətlə məşğul oluruq”, - deyə Yanğınsöndürmə xidmətinin rəhbəri Ellison Armstronq bildirib.
Onun sözlərinə görə, hazırda harada olduqları məlum olmayan iki nəfər partlayışdan dərhal əvvəl binanın daxilində olub. Xilasedicilər onların müəssisəni tərk edib-etmədiyini və ya dağılan binanın altında qalıb-qalmadığını hələ müəyyənləşdirə bilməyiblər. Partlayışların səbəbi hələ müəyyən edilməyib.
Qeyd edək ki, “Brent Industries” sənaye materiallarının emalı və tekstil məhsullarının bərpası ilə məşğul olur. Şirkət 1977-ci ildə Alabama ştatında yaradılıb və hazırda Toledoda da fəaliyyət göstərir.