BAKI, 18 avqust. TELEQRAF
Tacikistan hakimiyyəti digər ölkələrdən neft məhsullarının idxalının azalması fonunda İrandan 2,5 milyon tondan çox yanacaq, o cümlədən neft, benzin və dizel yanacağı tədarük edilməsini istəyib.
Teleqraf xəbər verir ki, bu barədə Tacikistanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 15-də Tacikistan nümayəndə heyətinin Tehrana işgüzar səfəri çərçivəsində ölkənin nəqliyyat naziri Azim İbrohim İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb. Görüşdə digər məsələlərlə yanaşı, İrandan Tacikistana neft və neft məhsullarının tədarükü müzakirə olunub.
İbrohim bildirib ki, dünyadakı geosiyasi vəziyyət Tacikistana yanacaq idxalının azalmasına səbəb olub. Bu səbəbdən Düşənbə digər ölkələrdən, o cümlədən İrandan tədarükü təşkil etməyi planlaşdırır.
Nazirin sözlərinə görə, İrandan tələb olunan yanacağın ümumi həcmi 2,5 milyon ton təşkil edir. Bunun 2 milyon tonu neft, 150 min tonu benzin, 300 min tonu dizel yanacağı, 100 min tonu isə aviasiya yanacağıdır. Bu həcm 51 min vaqona bərabərdir.
Bununla əlaqədar İbrohim İran tərəfdən bu tədarüklərin həyata keçirilməsi üçün sistern vaqonlardan ibarət qatarın təşkilinə, Tacikistana yanacaq daşıyan qatarlar üçün İran ərazisindən keçid zamanı xüsusi rejimin yaradılmasına, İranın Çabahar limanında Tacikistanın logistika mərkəzinin tikintisi və istismarına dair konsessiyada güzəştlərin verilməsinə, həmçinin digər logistika məsələlərinin həllinə yardım göstərilməsini xahiş edib.