BAKI, 5 iyul. TELEQRAF
ABŞ-nin paytaxtı Vaşinqtonda Müstəqillik Günü münasibətilə keçirilən açıq hava tədbirlərinin iştirakçıları yaxınlaşan fırtına səbəbindən təxliyə edilib.
Teleqraf xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar.
Bildirilib ki, Vaşinqton üzərində qara buludlar toplanıb, ildırımlar çaxır və güclü külək müşahidə olunur.
İştirakçılara yaxınlıqdakı nazirlik və dövlət qurumlarının binalarında sığınacaq tapmaları tövsiyə edilib. ABŞ-nin Məxfi Xidməti də fövqəladə xəbərdarlıq yayaraq vətəndaşları ağacların altında dayanmamağa çağırıb.
Təşkilatçılar qeyd ediblər ki, hava şəraiti yaxşılaşdıqdan sonra bayram proqramının bərpası və giriş məntəqələrinin yenidən açılması barədə əlavə məlumat veriləcək.