BAKI, 28 iyun. TELEQRAF

Almaniyanın paytaxtı Berlində polis anomal isti hava səbəbindən sakinlər və turistlərin sərinləməsinə kömək etmək üçün su şırnaqlarından istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə "Tagesspiegel" nəşri məlumat yayıb.

Məlumata görə, su şırnaqlarının ilk dayanacaqları Brandenburq qapısı və Potsdam meydanı olub. Polis əməkdaşları bu məqsədlə ən azı 18 min litr sudan istifadə ediblər.

Bununla yanaşı, Almaniyada müşahidə olunan güclü istilər fonunda ölkədə yeni temperatur rekordu qeydə alınıb. Alman Meteorologiya Xidmətinin ilkin məlumatına əsasən, Saksoniya-Anhalt əyalətinin Drevits meteoroloji stansiyasında havanın temperaturu 41,5 dərəcəyə çatıb. Rekordun rəsmi təsdiqinin ölçmələrin yoxlanılmasından sonra veriləcəyi bildirilib.

Nəşr yazır ki, yüksək temperatur Almaniyanın bir neçə avtomagistralında yol örtüyünə də ziyan vurub. Buna görə bəzi magistrallarda hərəkət məhdudlaşdırılıb, bəzi hissələr isə müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.