BAKI, 28 mart. TELEQRAF
ABŞ və İsrail fevralın 28-dən bəri üçüncü dəfə İranın Buşehr Atom Elektrik Stansiyasının ərazisinə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı açıqlama yayıb.
Qeyd olunub ki, mərmi stansiyanın ərazisinə düşsə də, ilkin məlumatlara əsasən, obyektin özü zərər görməyib.
“Raket stansiyanın ərazisinə düşüb, lakin ölənlər, maddi ziyan və ya texniki nasazlıqlar barədə məlumat yoxdur”, - deyə qurumun açıqlamasında bildirilir.
Qurum vurğulayıb ki, dinc nüvə infrastrukturuna qarşı hücumlar beynəlxalq hüquq normalarını pozur və bütün regionun təhlükəsizliyini risk altına qoyur.
Qeyd edək ki, Buşehr AES yaxınlığına ilk zərbə martın 17-də, ikinci hücum isə martın 24-də qeydə alınıb. İran baş verənlə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyini məlumatlandırıb. Agentliyin rəhbəri Rafael Qrossi isə nüvə qəzası riskinin qarşısını almaq üçün tərəfləri maksimum təmkinə çağırıb.