BAKI, 22 mart. TELEQRAF

İtaliyada konstitusiyaya dəyişiklikləri nəzərdə tutan məhkəmə-istintaq sistemi islahatı ilə bağlı ümumxalq referendumu keçiriləcək və analitiklər bunu mövcud hökumət üçün bir növ siyasi qiymətləndirmə kimi dəyərləndirirlər.

Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın Daxili İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

Məlumata görə, səsvermə martın 22-də başlayacaq və martın 23-də davam edəcək. Referendumun təşkilatçısı kimi ölkənin Daxili İşlər Nazirliyi çıxış edir.

Səsvermə hüququ olan təxminən 45 milyon vətəndaş seçki məntəqələrinə gələrək təklif olunan islahatla razı olub-olmadıqlarını bildirə biləcəklər. İslahatın qəbul olunması üçün səs verənlərin əksəriyyətinin dəstəyi tələb olunur. Qeyd olunur ki, referendum üçün kvorum nəzərdə tutulmayıb və nəticə sadə faiz nisbəti əsasında müəyyən ediləcək.

Ümumxalq səsverməsinə çıxarılan məsələ daha çox texniki xarakter daşıyır. İslahat məhkəmə-istintaq sisteminin strukturunda dəyişiklikləri nəzərdə tutur. Konstitusiyaya əsasən, bu sistem müstəqil hakimiyyət qolu hesab olunur. Dəyişikliklər xüsusilə hakimlərin təyinat qaydası, o cümlədən Ali Magistratura Şurasına seçilmə prosesi, eləcə də hakim və prokurorların karyera mərhələlərinə aiddir. Yeni qaydalara görə, onlar artıq vəzifələr arasında keçid edə bilməyəcəklər.

İslahat layihəsi baş nazir Corcia Meloninin rəhbərlik etdiyi sağ mərkəzçi hökumət tərəfindən hazırlanaraq təsdiqlənib və hakim koalisiya tərəfindən dəstəklənib. Lakin parlamentdə üçdə iki səs dəstəyi olmadığı üçün konstitusiyaya dəyişikliklərin edilməsi məqsədilə referendum keçirilməsi zəruri olub. Bu isə müxalifətlə siyasi qarşıdurmaya səbəb olub. Müxalifət hökuməti müstəqil məhkəmə hakimiyyəti üzərində nəzarət qurmağa çalışmaqda ittiham edir və bunu baş nazirin avtoritar idarəetmə üslubu ilə əlaqələndirir. Tənqidçilər həmçinin bildirirlər ki, təklif olunan islahat məhkəmə sistemində mövcud olan bürokratiya və proseslərin ləngliyi kimi problemlərin həlli üçün konkret nəticə vəd etmir.