BAKI, 21 mart. TELEQRAF

Sumqayıt şəhərində bayram tonqalında baş verən partlayış nəticəsində xəsarət alanlarən sayı 11-ə çatıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 21.03.2026-cı il tarixində saat 21:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalında güclü partlayış səbəbilə çağırış qeydə alınıb.

Məlumata görə, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Eyni zamanda 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", - deyə qeyd olunub.

Məryəm Surxay

***

22:54

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.