BAKI, 14 mart. TELEQRAF
ABŞ administrasiyası "TikTok"un ABŞ-də fəaliyyətinin davam etməsi ilə bağlı Çinlə əldə olunan razılaşmada vasitəçilik etdiyinə görə investorlar tərəfindən ümumilikdə 10 milyard dollar ödəniş alacaq.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yanvar ayında ABŞ və Çin "TikTok"un Amerika bölməsinin xüsusi yaradılmış konsorsiuma satılması barədə razılığa gəldikdən sonra investorlar ABŞ Maliyyə Nazirliyinə təxminən 2,5 milyard dollar ödəyiblər. Razılaşmaya əsasən, sonrakı mərhələlərdə də ödənişlər davam edəcək və ümumi məbləğ 10 milyard dollara çatdırılacaq.
Konsorsiuma Silver Lake, Oracle, Birləşmiş Ərəb Əmirliklərində yerləşən MGX və digər investorlar daxildir.
Nəşr qeyd edir ki, hökumətin danışıqların təşkilində göstərdiyi köməyə görə belə yüksək məbləğdə ödəniş alınması misli görünməmiş haldır. ABŞ rəsmiləri isə bu məbləğin ABŞ Prezidenti Donald Trampın "TikTok"un ABŞ-də fəaliyyətinin qorunması və Pekinlə aparılan danışıqlardakı roluna görə əsaslandırıldığını bildirirlər.
Xatırladaq ki, 2024-cü ildə ABŞ-nin keçmiş prezidenti Co Bayden "ByteDance" şirkətini "TikTok" sosial şəbəkəsini satmağa və ya ABŞ ərazisində fəaliyyətini dayandırmağa məcbur edən qanunu imzalamışdı.
Donald Tramp isə platformaya müsbət münasibət bəslədiyini və istifadəçilərinin dəstəyinin onun prezident seçkilərində qələbəsinə kömək etdiyini bildirmişdi. O, 20 yanvar 2025-ci ildə andiçmə mərasimindən sonra platformanın ABŞ-də bloklanmasını təxirə salan fərman imzalayıb və sonradan bu müddəti bir neçə dəfə uzadıb.
2026-cı ilin yanvarında isə "TikTok" ABŞ-də "TikTok USDS Joint Venture" LLC adlı birgə müəssisə yaradıldığını elan edib. Şirkətin əsas investorları Silver Lake, Oracle və MGX-dir və onların hər biri müəssisənin 15 faiz səhminə sahibdir. ByteDance isə birgə müəssisədə 19,9 faiz payı saxlayır.