BAKI, 14 mart. TELEQRAF

Yaxın Şərqdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha beş yanacaqdaşıyan təyyarə zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata görə, təyyarələr İranın Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasına endirdiyi raket zərbəsi nəticəsində zədələnib.

Nəşr qeyd edir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məsələ ilə bağlı şərh verməkdən imtina edib. Bildirilib ki, təyyarələr zərər görsə də, tamamilə məhv edilməyib.

Hazırda həmin təyyarələrin təmirə göndərildiyi qeyd olunur. Hücum nəticəsində ölən olmadığı bildirilir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələri İraqda qəzaya uğrayan KC-135 yanacaqdaşıyan təyyarəsinin dörd ekipaj üzvünün həlak olduğunu açıqlamışdı. Hadisə martın 12-də ölkənin qərbində baş verib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı insidentin nə İranın hərəkətləri, nə də “dost atəşi” nəticəsində baş verdiyini bildirib.

Eyni zamanda İranın IRIB agentliyi daha əvvəl Qərbi İraq səmasında müqavimət qüvvələrinin raket zərbəsi nəticəsində KC-135 təyyarəsinin bütün ekipajının həlak olduğunu iddia etmişdi.