BAKI, 13 mart. TELEQRAF

İran ABŞ ilə aparılan danışıqlarda nüvə silahının hazırlanmasından imtinanın rəsmiləşdirilməsini təklif etdiyini, lakin Vaşinqtonun bu təşəbbüsü qəbul etmədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində paylaşım edib.

Nazirin sözlərinə görə, Tehran danışıqlar zamanı nüvə silahından tam imtinanı nəzərdə tutan təklif irəli sürüb. Lakin ABŞ tərəfi texniki detalları başa düşmədiyi üçün bu təşəbbüsü rədd edib.

Qeyd edək ki, İranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi üzrə İran və ABŞ arasında üçüncü raund danışıqlar fevralın 26-da Cenevrədə keçirilib. Görüş Omanın vasitəçiliyi ilə baş tutub.