BAKI, 22 fevral. TELEQRAF

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) son on ildə hazırlanmış təxminən 20 kəşfiyyat hesabatını rəsmi şəkildə geri çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" yüksək vəzifəli CIA əməkdaşına istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, aparılan yoxlama nəticəsində bəzi hesabatların qərəzli olduğu və ya resurslardan təyinatı üzrə istifadə edilmədiyi müəyyən edilib. Hesabatlarda ağ millətçilik və ailə planlaşdırılması kimi mövzulara da toxunulduğu bildirilir.

Ümumilikdə, Prezident Donald Trampın ikinci müddətindən əvvəl hazırlanmış 17 hesabat geri çağırılıb, daha iki sənəd isə əsaslı şəkildə yenidən işlənməsi üçün çıxarılıb. Geri çağırılan materialların agentliyin məlumat bazalarından silinəcəyi və artıq ABŞ siyasətçiləri üçün əlçatan olmayacağı qeyd olunur.