BAKI, 30 yanvar. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi Ukraynaya təhvil verilmiş F-16 qırıcılarının texniki xidmətinə dair 235,4 milyon dollardan artıq məbləğdə müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Sənədə əsasən, ABŞ Hərbi Hava Qüvvələri xətti ilə ayrılan müqavilə Belçikanın Sabena Aerospace Engineering şirkətinə verilib. Müqavilə F-16 təyyarələri və onların mühərrikləri üzrə cari və əsaslı texniki xidmətin həyata keçirilməsini, həmçinin Ukrayna üçün maddi-texniki təminatın idarə olunmasını nəzərdə tutur.
Bildirilib ki, işlər Belçikada "Sabena Aerospace Engineering" şirkətinin zavodunda aparılacaq və 28 yanvar 2029-cu ilədək tamamlanmalıdır.