BAKI, 20 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun kuluarlarında Ukrayna prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüş təyin etməyib.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən yazıb. Bildirilir ki, Trampın çərşənbə günü “Sülh Şurası” ilə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi mövzusunda keçiriləcək iclası planlaşdırılsa da, Ağ Ev Zelenski ilə ayrıca görüş təşkil etmək niyyətində deyil.
Nəşrə danışan və adının açıqlanmasını istəməyən ABŞ Respublikaçılar Partiyasına yaxın xarici siyasət eksperti bildirib ki, Zelenski şəxsi görüşdə maraqlıdır, lakin təşəbbüsün olmaması Ağ Evdən qaynaqlanır.
Ekspertin sözlərinə görə, Zelenski Tramp ilə istənilən formatda görüşməyə hazırdır, çünki bunun mümkün risklərdən daha çox fayda verəcəyinə inanır. O hesab edir ki, əgər ABŞ prezidenti onunla birbaşa ünsiyyət qurmasa, bu boşluğu digər aktorlar dolduracaq.
Xatırladaq ki, daha əvvəl "Financial Times" qəzeti G7 ölkələrinin əksəriyyətinin liderlərinin Tramp və Zelenski arasında Davosda mümkün görüşdə iştirak etməyi planlaşdırdıqlarını yazmışdı. Həmin məlumata əsasən, yanvarın 21-nə planlaşdırıldığı iddia edilən görüşün əsas məqsədi Trampdan Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə şəxsi dəstək almaqdır.