BAKI, 20 yanvar. TELEQRAF
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus P-8A Poseidon tipli kəşfiyyat və sualtı qayıqlara qarşı təyyarə Qara dəniz üzərində uzunmüddətli uçuş həyata keçirərək Rusiya sahillərinə, Soçi ərazisinə yaxınlaşıb.
Teleqraf xəbər verir ki, "RIA Novosti"nin məlumatına görə, uçuş məlumatlarının təhlili göstərir ki, hava gəmisi Siciliya adasında yerləşən aviabazadan havaya qalxıb. Təyyarənin marşrutu Bolqarıstanın Varna bölgəsi və Rumıniya üzərindən keçərək Qara dəniz akvatoriyasına daxil olub.
Bildirilib ki, uçuş trayektoriyası Krım yarımadasından yan keçməklə birbaşa Qafqaz sahillərinə doğru qurulub. Müəyyən nöqtədə manevr edən təyyarə daha sonra Gürcüstanın Batumi şəhəri istiqamətində hərəkət edərək orada dönüş edib və geri - bazaya doğru kurs götürüb.
Qeyd olunur ki, P-8A Poseidon mülki "Boeing 737-800ERX" laynerinin hərbi modifikasiyasıdır. Bu tip hava gəmiləri suüstü hədəflərin müşahidəsi və sualtı qayıqların aşkarlanması üçün nəzərdə tutulmuş müasir texniki avadanlıqlarla təchiz edilib.
Xatırladaq ki, ötən ilin dekabrında Böyük Britaniyaya məxsus RC-135 tipli kəşfiyyat təyyarəsi də Qara dəniz üzərində uçuş həyata keçirmiş və Soçi yaxınlığında dönüş edərək geri qayıtmışdı.