BAKI, 20 yanvar. TELEQRAF

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin baş nazir müavini Yan Sın Xonu vəzifəsindən azad edib.

Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Telegraf Agentliyi bildirib.

Qərar Renson maşınqayırma birliyinin yenidənqurma və modernləşdirmə işlərinin birinci mərhələsinin başa çatması münasibətilə keçirilən rəsmi mərasim zamanı elan olunub.

Məlumata əsasən, Kim Çen In çıxışında modernləşdirmənin ilk mərhələsinin məsuliyyətsiz, kobud və səriştəsiz rəhbər kadrlar ucbatından süni şəkildə yaradılmış həddindən artıq xaosla üzləşdiyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət ciddi çətinliklərə və nəzərəçarpacaq iqtisadi ziyana səbəb olub.

KXDR lideri qeyd edib ki, bəzi rəhbər şəxslər ölkə sənayesinin ümumi nizamlanmasına və texniki yenidənqurmasına hazır olmadıqlarını nümayiş etdiriblər. O, uzun müddət məğlubiyyətçilik, məsuliyyətsizlik və passivliyə alışmış şəxslərə arxalanmağın dayandırılmasına çağırıb. Bundan sonra Kim Çen In yerindəcə baş nazir müavini Yan Sın Xonu vəzifəsindən azad edib və onu arabaya qoşulmuş keçiyə bənzədib.

Bununla yanaşı, KXDR lideri Yan Sın Xonun anti-partiya fəaliyyəti göstərdiyini düşünmədiyini, baş verənlərin daha çox təsadüfi kadr səhvi ilə bağlı olduğunu vurğulayıb.

Kim Çen In bildirib ki, rifah və çiçəklənməyə doğru irəliləyən KXDR üçün yeni dövr qabaqcıl təşəbbüskarlar və əsl mübarizlər tələb edir. O, bütün rəhbər kadrları partiyanın modernləşmə siyasətinə dair tələbləri yenidən nəzərdən keçirməyə, məqsədyönlü plan və elmi yanaşma əsasında hazırkı nəsil dövründə dövlətin gələcəyini etibarlı şəkildə təmin edəcək müasir və inkişaf etmiş iqtisadiyyat qurmağa çağırıb.

Məlumata görə, mərasim iştirakçıları Kim Çen Inə tam dəstək ifadə ediblər. Daha sonra baş nazir Pak Txe Son tikintinin başa çatması münasibətilə rəmzi lentkəsmə mərasimini həyata keçirib, KXDR lideri isə Renson maşınqayırma birliyinə baxış keçirib. Kim Çen In müəssisənin modernləşmə istiqamətində mühüm addım atdığını və bunun ölkənin müstəqil iqtisadiyyatının əsaslarını möhkəmləndirdiyini bildirib.

O, həmçinin vurğulayıb ki, KXDR xalq təsərrüfatının sabit artım mərhələsinə qədəm qoyduğu və regionların inkişaf siyasətini sürətlə irəli apardığı bir dövrdə maşınqayırma avadanlıqlarına tələbat artmaqdadır. Bu tələbatın ödənilməsi üçün elmi-texniki tədqiqatların davamlı aparılmasının və kadr işinin gücləndirilməsinin vacibliyi qeyd olunub. Dövlət başçısı modernləşmənin növbəti mərhələsi üçün hədəfləri müəyyənləşdirib və ümumilikdə maşınqayırma sahəsinin daha yüksək, qabaqcıl səviyyəyə qaldırılması ilə bağlı konkret tapşırıqlar verib.