BAKI, 20 yanvar. TELEQRAF
İsrail istənilən hücum cəhdinə intensivliyinə görə görünməmiş hərbi cavab verməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Eyal Zamir İsrailin Arxa Cəbhə Komandanlığının qərargahına səfəri zamanı bəyan edib.
Onun sözlərinə görə, SAXAL İsrailə zərər vurmaq cəhdinə qarşı görünməmiş hücum imkanlarını tətbiq etməyə hazırdır və müdafiə sahəsində bütün mümkün ssenarilərə tam şəkildə hazır vəziyyətdədir.
Eyal Zamir bildirib ki, “Qalxan şir” əməliyyatı zamanı əldə olunan dərslər nəzərə alınıb və İsrail ordusu qəfil müharibə ehtimalına da hazırlaşır. O vurğulayıb ki, ölkənin müdafiə potensialı ən yüksək səviyyədə saxlanılır.
Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Knessetdə çıxışı zamanı Tehrandan mümkün hücum olacağı təqdirdə İsrailin indiyədək görünməmiş güclə cavab verəcəyini bəyan edib.
Xatırladaq ki, İsrail 2025-ci il iyunun 13-nə keçən gecə İrana qarşı “Qalxan şir” adlı hərbi əməliyyata başlayıb. Bir sutka keçməmiş İran cavab zərbəsi endirib. Münaqişənin gərginləşməsindən doqquz gün sonra ABŞ qarşıdurmaya qoşulub və iyunun 22-nə keçən gecə İranın üç nüvə obyektinə zərbə endirib. İyunun 23-ü axşam saatlarında isə Tehran Yaxın Şərqin ən böyük ABŞ hərbi hava bazası olan Əl-Udeydə raket hücumu həyata keçirib.
Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Atəşkəs 2025-ci il iyunun 24-dən qüvvəyə minib.