BAKI, 15 yanvar. TELEQRAF
ABŞ yarımkeçiricilərin idxalına 25% həcmində gömrük rüsumu tətbiq edir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan məlumatda qeyd olunur.
Sənəddə qeyd olunur ki, rüsum müəyyən qabaqcıl mikrosxemlərin və oxşar məhsulların idxalına şamil olunur. Bununla yanaşı, bir sıra istisnalar nəzərdə tutulub. Məsələn, yarımkeçiricilər ölkənin istehsal güclərinin artırılması, məlumat emalı mərkəzlərində istifadə, startapların fəaliyyəti və elmi-tədqiqat və təcrübi-konstruktor işləri məqsədilə idxal edildikdə rüsum tutulmayacaq.
Həmçinin vurğulanır ki, hazırda ABŞ öz tələbatının cəmi təxminən 10%-i həcmində yarımkeçirici istehsal edir. Bu isə Amerika iqtisadiyyatının bu sahədə xarici tədarükçülərdən ciddi asılı olduğunu göstərir. Donald Tramp mövcud vəziyyətin ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid yaratdığını bildirib.
Prezident həmçinin qeyd edib ki, ticarət naziri Hovard Latnik vəziyyəti dəyişmək məqsədilə iki mərhələli planın icrasına başlanmasını tövsiyə edib. Həmin plan çərçivəsində ABŞ-də yarımkeçirici istehsalına sərmayə yatıran xarici şirkətlər üçün güzəştlər nəzərdə tutulur.