BAKI, 13 dekabr. TELEQRAF
İran və Ermənistanın elektrik enerjisi sənayesi nümayəndələri 2026-cı ilin yayında elektrik enerjisi idxalının artırılması məsələsini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İranın energetika nazirinin müavini və Ermənistan Enerji Sistemi Operatorunun baş direktoru Narek Apitonyanın iştirakı ilə İrəvanda "İran və Ermənistan arasında Elektrik Şəbəkələrinin İstismarı üzrə Birgə Komitə"nin 5-ci iclası keçirilib.
Görüş zamanı tərəflər iki ölkə arasında enerji mübadiləsi, qaz və elektrik enerjisi mübadiləsi sahəsində ardıcıl əməkdaşlığın tarixini, eləcə də müvafiq məsələləri müzakirə ediblər.
Bundan əlavə, hər iki tərəf müvafiq sahədə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Görüşün iki ölkə arasında enerji mübadiləsinin strateji mövqeyi və elektrik şəbəkələrinin istismarında əməliyyat koordinasiyasının təkmilləşdirilməsi zərurəti nəzərə alınmaqla olduqca vacibliyi qeyd edilib.
Vurğulanır ki, İran və Ermənistan elektrik enerjisi, eləcə də qaz mübadiləsi sahəsində geniş əməkdaşlıq qurublar.