BAKI, 12 dekabr. TELEQRAF

Almaniya Müdafiə Nazirliyi Ukraynaya hərbi dəstək məqsədi ilə “Ramştein” (Rammstein) formatında təmas qrupunun növbəti iclasının keçiriləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin saytında qeyd olunub.

Məlumata görə, görüş 16 dekabr tarixində videokonfrans formatında baş tutacaq.

Federal Müdafiə Nazirliyi dekabrın 16-da Böyük Britaniya–Almaniya rəhbərliyi altında keçiriləcək Ukraynanın müdafiəsi üzrə təmas qrupunun virtual iclası barədə əlavə edilən bildirişdə məlumat verir. İclas Almaniya, Böyük Britaniya və Ukraynanın müdafiə nazirlərinin açılış nitqləri ilə başlayacaq.

Ramştein formatı Kiyevə gələcək hərbi yardım imkanlarını müzakirə edən beynəlxalq koalisiyadır. Onun işində 50-dən çox dövlət iştirak edir - bütün NATO ölkələri, Aİ üzvlərinin əksəriyyəti və Afrika və Asiyadan olan müttəfiqlər. Təmas qrupu və onun aylıq görüşləri 26 aprel 2022-ci ildə iştirakçıların ilk iclasının keçirildiyi Almaniyadakı eyniadlı hava bazasına görə “Ramşteyn” adlandırılıb.