BAKI, 11 dekabr. TELEQRAF

Vyetnamda atom elektrik stansiyasının (AES) inşası ilə bağlı hökumətlərarası sənədlər hazırda razılaşdırılma prosesindədir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Hanoydakı səfiri Gennadi Bezdetko “İzvestiya”ya açıqlama verib.

Səfir bildirib ki, Rusiya və Vyetnam müvafiq hökumətlərarası razılaşmaların hazırlanması mərhələsini keçir:

“Danışıqlar gedir, profilli hökumətlərarası sazişlər hazırlanır. "Rosatom" xaricdə heç bir enerji obyektində işə başlamazdan əvvəl bu cür sənədlərin imzalanması mütləqdir. Hazırda sənəd razılaşdırılma mərhələsindədir. Bu başa çatdıqdan sonra növbəti mərhələ – layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması olacaq,” – səfir qeyd edib.

Vyetnamın “Ninhthuận-1” AES layihəsi səkkiz illik fasilədən sonra bərpa olunub. Fasilə maliyyə çətinlikləri, elektrik enerjisinə olan tələbatın azalması və enerji daşıyıcılarının ucuzlaşması ilə əlaqədar idi.

Bezdetko bildirib ki, Vyetnamın inkişaf mərhələsi texnologiyaya yüksək ehtiyac yaradır:

“Ölkə inkişaf edir və ona texnologiyalar lazımdır. Biz artıq atom enerjisi sahəsində təxminən 300 vyetnamlı mütəxəssis hazırlamışıq,” – deyə səfir vurğulayıb.

Xatırladaq ki, cari ilin yanvarında Rusiya baş naziri Mixail Mişustinin Hanoya səfəri zamanı birgə kommünike qəbul edilmişdi. Sənəddə Rusiya tərəfindən Vyetnama neft, mayeləşdirilmiş təbii qaz (LNG) və onların emal məhsullarının tədarükünə hazır olduğu qeyd olunurdu. Tərəflər həmçinin yeni enerji layihələrinin inkişafı niyyətini təsdiqləmişdilər.