BAKI, 9 dekabr. TELEQRAF
İsrail hakimiyyəti Şərqi Qüdsdə fələstinli qaçqınlara yardım göstərən BMT qurumu "UNRWA"nın kompleksinə reyd edərək BMT bayrağını endirib.
Teleqraf xəbər verir ki, bu barədə agentliyin rəhbəri Filip Lazzarini sosial şəbəkə "X"də məlumat verib.
Lazzarininin sözlərinə görə, polis və Qüds bələdiyyəsinin əməkdaşları zorla əraziyə daxil olaraq ora yük maşınları və forkliftlər gətiriblər. Onlar BMT bayrağını endirdikdən sonra onun yerinə İsrail bayrağı qaldırıblar.
İsrail polisi CNN-ə açıqlamasında bildirib ki, əməliyyat bələdiyyə tərəfindən vergi borcunun yığılması proseduru çərçivəsində keçirilib və polis yalnız bələdiyyə işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazidə olub. Qüds Bələdiyyəsinin sözçüsü "UNRWA"nın təqribən 11 milyon şekel (3,4 milyon dollar) məbləğində uzun müddətdir ödənilməyən əmlak vergisi borcu olduğunu iddia edib.
Lakin BMT-nin baş katibinin nümayəndəsi Stefan Dujarriq bu iddianı rədd edib və bildirib ki, BMT qurumları xalqlararası konvensiyalara əsasən vergi öhdəliyi daşımır. Baş katib Antonio Quterreş isə İsrail hakimiyyətinin “icazəsiz müdaxiləsini” qınayaraq qeyd edib ki, kompleks BMT-nin toxunulmaz ərazisidir və onun statusu beynəlxalq hüquqla qorunur.
İsrail uzun illərdir UNRWA-nı HƏMAS-a dəstək verməkdə ittiham edir və agentliyin ləğvini tələb edir.