BAKI, 9 dekabr. TELEQRAF
Benində bazar günü baş verən və ordunun qarşısını aldığı çevriliş cəhdi ilə bağlı ölkə prezidenti Patris Talon açıqlama verib. Paytaxt Kotunuda səhər saatlarından atəş səsləri eşidilmiş, bir qrup hərbçi dövlət televiziyasını ələ keçirərək hökumətin buraxıldığını elan etmişdi.
Teleqraf xəbər verir ki, Talon xalqa müraciətində bildirib ki, çevrilişin arxasında duran kiçik bir qrup hərbçidir.
Prezident bildirib ki, çevrilişə cəhd edənlərin əlində əsirlər var: "Bir neçə nəfər hələ də qaçan üsyançıların əlindədir. Hökumət onların təhlükəsiz şəkildə geri qaytarılması üçün bütün tədbirləri görür".
Prezident ölən və yaralananların sayı barədə məlumat verməyib.
Xatırladaq ki, dövlət televiziyasına çıxan üsyançılar özlərini “Hərbi Yenidənqurma Komitəsi” adlandıraraq hökuməti buraxdıqlarını, komitə rəhbəri kimi polkovnik-leytenant Paskal Tiqrini elan etmişdilər.
Daha sonra daxili işlər naziri Alassan Seydu açıqlamışdı ki, çevriliş cəhdi tam şəkildə zərərsizləşdirilib və ordu Konstitusiyaya sadiq qalıb.
Yerli mediaya görə çevrilişdə iştirak edən 13 nəfər hərbçi saxlanılıb. Tiqrinin tutulub-tutulmadığı isə hələlik məlum deyil.
Şəhərdə gün ərzində patrul maşınları və silahlı hərbçilər görünməsinə baxmayaraq, gecəyə yaxın vəziyyət sabitləşib.
Qərbi Afrika Dövlətləri Birliyi (ECOWAS) Beninin konstitusion nizamına dəstək üçün Nigeriya, Syerra Leone, Fil Dişi Sahili, Qananın hərbçilərindən ibarət regional qüvvənin göndərilməsi barədə qərar verib.