BAKI, 8 dekabr. TELEQRAF
Bugünkü görüşdə təkcə ikitərəfli münasibətlərimizi nəzərdən keçirmədik, həm də enerji, nəqliyyat, ticarət, müdafiə və mədəniyyət kimi sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirmək öhdəliyimizi bir daha təsdiqlədik.
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla İstanbulda keçirdiyi görüşdən sonrakı mətbuat konfransında deyib.
Ərdoğan bildirib ki, iki ölkə arasında aviasiya və təhlükəsizlikdən texnologiya, mədəniyyət və təhsilə qədər münasibətləri gücləndirəcək müxtəlif sənədlər imzalanıb.
"Siyasi münasibətlərimizdə əldə etdiyimiz müstəsna səviyyənin iqtisadi təsirini də görürük. Cənab Orbanla müəyyən etdiyimiz 6 milyard dollarlıq ticarət həcmi hədəfimizə çatmağa yaxınıq. Aramızdakı güclü ticarət potensialını nəzərə alaraq, həcm hədəfimizi 10 milyard dollara çatdırmağı müzakirə etdik" - Türkiyə lideri əlavə edib.