BAKI, 7 dekabr. TELEQRAF
Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) Benində konstitusiya quruluşunu qorumaq üçün lazım gəldiyi halda güc tətbiqini istisna etmir.
Teleqraf xəbər verir ki, bu barədə təşkilat Komissiyasının birliyin portalında yayımlanan bəyanatında bildirilib.
"ECOWAS" bazar günü Benində hərbçilərin hakimiyyəti ələ keçirməyə cəhdini konstitusiya çərçivəsi xaricində atılmış addım kimi kəskin şəkildə pisləyib. Təşkilat bəyan edib ki, Benin hökumətinə və xalqına lazım olan bütün vasitələrlə, o cümlədən regional sürətli reaksiya qüvvələrinin yerləşdirilməsi ilə dəstək verməyə hazırdır.
Hadisə bazar günü səhər saatlarında bir qrup hərbçinin milli televiziyada Benində hakimiyyəti ələ keçirdiklərini və ölkə prezidenti Patris Talonu vəzifədən uzaqlaşdırdıqlarını elan etməsi ilə başlayıb. Lakin respublikaya sədaqətli milli qvardiya bölmələri qiyam cəhdini yatırıb, qiyamçıların bir hissəsi saxlanılıb. Benin hökuməti vəziyyətə tam nəzarət etdiyini açıqlayıb.