BAKI, 5 dekabr. TELEQRAF

İsrailin baş naziri Binyamin Netanyaxu son girovun cəsədinin Qəzza sektorundan geri qaytarılması ilə bağlı danışıqlar aparmaq üçün nümayəndə heyətini Qahirəyə göndərib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail hökumətinin ofisi məlumat yayıb.

Nümayəndə heyəti dekabrın 4-də səhər saatlarında Misir paytaxtına çatıb. Delegasiyaya əsirlərin və itkin düşənlərin işləri üzrə koordinator, ehtiyatda olan briqada generalı Qal Hirş rəhbərlik edib. Tərkibə İsrail ordusunun, Ümumi Təhlükəsizlik Xidmətinin və kəşfiyyat xidməti Mossad-ın nümayəndələri daxil olub.

Rəsmi açıqlamada bildirilib ki, nümayəndə heyəti vasitəçilərlə danışıqlar apararaq Qəzzada həlak olmuş son israilli girov, böyük çavuş Ran Qvilinin cəsədinin dərhal qaytarılmasına nail olmağa çalışıb.

“Danışıqların yekununda bütün girovların geri qaytarılması prosesini başa çatdırmağa imkan verəcək intensiv və təcili səylər barədə razılıq əldə olunub”, – deyə İsrail hökumət ofisi vurğulayıb.