BAKI, 30 noyabr. TELEQRAF
Rusiya ordusu Ukraynanın FPV dron təcrübəsini mənimsəyərək pilotsuz aparatların tətbiqində üstün mövqeyə keçməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrə danışan ukraynalı hərbçilər bildiriblər ki, Rusiya Ukraynanın təchizat xətlərini dronlarla daha dəqiq və geniş miqyasda vurmağa başlayıb. Ekspertlərə görə, bu dəyişiklik 2025-ci ilin müharibəsində ən böyük taktiki dönüş hesab olunur.
Ukrayna qüvvələrinin 2024-cü ildə Kursk vilayətinə daxil olmasından sonra, Rusiya “Rubikon” adlı xüsusi dron bölməsi yaradıb və optik kabel vasitəsilə idarə olunan PUA-larla Ukraynanın logistikasına zərbələr endirib. Bu taktika sonradan Donbas cəbhəsində də tətbiq edilib.
Ukrayna dron və logistika bölmələri piyada hissələrindən daha çox itki verir, əməliyyatların məsafəsi məhdudlaşır. Eyni zamanda, Rusiya dronları daha dərin arxa cəbhəyə nüfuz edir.Pokrovsk yaxınlığında Rusiya dronlarının sayı Ukraynanınkından 10 dəfə çoxdur. Təchizat yolları təhlükəli olduğundan hərbçilər bəzən kilometrlərlə piyada irəliləməyə məcbur qalır.
Ukrayna zabitlərinin sözlərinə görə, Rusiyanın üstünlüyü texnologiyadan deyil, miqyasdan qaynaqlanır. Rusiya böyük sayda dron və avadanlıq istehsal edərək cəbhədə kütləvi üstünlük yaradır.
Onlar bildirirlər ki, Çin Rusiyaya böyük həcmdə optik kabel və digər komponentlər göndərir, bu isə rus ordusunun pilotsuz uçuş aparatlarını daha effektiv tətbiq etməsinə imkan verir.
Bunun əksinə olaraq, Qərb Ukraynaya bu sahədə kifayət qədər dəstək vermir və bu, Ukrayna qüvvələrinin imkanlarını məhdudlaşdırır.