BAKI, 28 noyabr. TELEQRAF

"Rusiya Ermənistanla münasibətləri müttəfiqlik ruhunda inkişaf etdirməkdə maraqlıdır".

Teleqraf xəbər verir ki, bu fikirləri Federasiya Şurasının sədr müavini Yuri Vorobyov Rusiya Federal Məclisi ilə Ermənistan Milli Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın həmsədrlərinin iclasında deyib.

"Rusiya və Ermənistanı möhkəm tarixi dostluq və əməkdaşlıq əlaqələri bağlayır. Biz Rusiya-Ermənistan münasibətlərinin müttəfiq kimi inkişaf etməsində maraqlıyıq. Əlbəttə, müttəfiqlər həmişə çətin məsələlərlə üzləşiblər və bundan sonra da üzləşəcəklər. Lakin əminəm ki, ölkələrimiz arasında çoxşaxəli, qarşılıqlı faydalı əməkdaşlıq, ortaq tarix, mədəniyyət və dəyərlər hər şeyi öz yerinə qoyacaq. Bu, tərəfdaşlığımızın möhkəm təməli, dayağıdır”, - deyə Vorobyov bildirib.

O qeyd edib ki, ikitərəfli gündəliyə təhsil və mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı bir sıra təşəbbüslər daxildir.

"Biz dekabrda Rusiyada Erməni Mədəniyyəti Günlərinin keçirilməsini gözləyirik. Planlara Vanadzor, İcevan və Kapanda Rusiya Elm və Mədəniyyət Mərkəzinin tezliklə filiallarının açılması daxildir. Perspektivli təhsil layihələrindən biri də Cermukda istedadlı uşaqlar üçün rus dilində əlavə təhsil proqramları təklif edən beynəlxalq mərkəzin yaradılmasıdır", - Vorobyov bildirib.