BAKI, 15 noyabr. TELEQRAF

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentində dəstəyini itirir.

Teleqraf xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, bu proses sağçı partiyaların artan uğurları fonunda daha da sürətlənib.

Məlumata görə, yaxın günlərdə baş verən hadisə bu tendensiyanın açıq göstəricisi olub. Avropa Xalq Partiyası (EPP) bir qanun layihəsinin qəbulunda sağ qüvvələrin səsinə ehtiyac duyub. "Politico" yazır ki, bu addım onilliklərdir mövcud olan siyasi protokolun pozulması kimi qiymətləndirilir və “sanitar kordona” (mərkəzçi siyasi partiyaların radikal sağçılarla əməkdaşlıq etməmək barədə qeyri-rəsmi razılaşmasına) ağır zərbə vurub.

Nəşrin qeyd etdiyinə görə, vəziyyət fon der Leyen üçün getdikcə çətinləşir. Beləki sağ partiyalar onu ümumiyyətlə dəstəkləmir, sol və mərkəzçi müttəfiqləri isə bu gedişatdan sonra ona daha az dəstək göstərəcəklər.

“Avropa Xalq Partiyasının radikal sağları dəstəklədiyi hər bir səsvermə Ursula fon der Leyenin mövqelərini zəiflədir”, - “Yaşıllar” fraksiyasının nümayəndəsi Terri Rayntke bildirib.