BAKI, 2 oktyabr. TELEQRAF
Avropa İttifaqı Rusiyaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kopenhagendə keçirilən Aİ liderlərinin qeyri-rəsmi sammitindən sonra bəyan edib.
“Biz sanksiyalara yeni yanaşma təklif edirik. Artıq mərhələli deyil, daha sərt tədbirlərlə çıxış edirik. Bu məhdudiyyətlər enerji, maliyyə xidmətləri və ticarət sahələrini əhatə edəcək”, - deyə bəyanatda qeyd olunub.
Fon der Leyen əlavə edib ki, bu yanaşma artıq müzakirədə olan 19-cu sanksiya paketinin hazırlanmasında tətbiq olunur.
Xatırladaq ki, sentyabrın 19-da təqdim olunan təkliflər paketində 2027-ci ildən etibarən Rusiya qazının idxalına qadağa, habelə kriptovalyutalar və bank sektoruna qarşı əlavə məhdudiyyətlər nəzərdə tutulub.