BAKI, 7 iyun. TELEQRAF

Amerikalı iş adamı və "SpaceX" şirkətinin sahibi İlon Maskın atası Errol Mask oğlunun ABŞ Prezidenti Donald Trampla mübahisəsinin səhv olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, yerli KİV-ə müsahibəsində deyib.

Errol Mask bildirib ki, mübahisəyə əsas səbəb hər iki tərəfin gərgin qrafikdə çalışmasıdır:

"Maskla Tramp son beş ayda sıx, stresli və gərgin qrafikdə çalışır. Onlar hazırda müxalif mövqedən qurtulmalı, ölkəni əvvəlki vəziyyətinə qaytarmalıdırlar. İndi onlar çox yorğun və streslidirlər".

Xatırladaq ki, Mask Trampın vergi qanunu layihəsini tənqid etdikdən sonra onların münasibətləri pisləşib. Tramp jurnalistlərə Maskdan məyus olduğunu söyləyərək, ardınca sosial media hesabında onu “dəli” adlandırıb.

Mask cavabında Trampın “Epşteyn dosyesi”ndə (pedofiliya və fahişəliyin təşkilində ittiham olunan maliyyəçi) adı keçən bir fiqur olduğuna işarə edib. Milyarder həmçinin Trampın impiçmenti ideyasını da dəstəkləyib.

İlon Mask bu ilin yanvarında Donald Tramp tərəfindən ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri təyin olunmuşdu. Prezidentlə münasibətləri pisləşdikdən sonra o, mayın 29-da vəzifəsindən istefa verib.