BAKI, 2 iyun. TELEQRAF
Ukraynanın Rusiya ərazisində yerləşən dörd hərbi aerodroma pilotsuz uçuş aparatları ilə hücumundan əvvəl Rusiyanın 54 ədəd Tu-22M3 və 58 ədəd Tu-95M təyyarəsi var idi.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti yazıb.
"Bu təyyarələrin nə qədərinin işlək vəziyyətdə olduğu məlum deyil. Rusiyada köhnə təyyarələr uzun müddət saxlanılır, onlar sökülərək ehtiyat hissələrindən istifadə edilir", - nəşr qeyd edib.
WSJ hesab edir ki, Rusiya üçün həyati əhəmiyyət daşıyan və Ukraynaya hücumlar üçün istifadə edilən onlarla uzaq məsafəli təyyarənin itirilməsi bu ölkənin hərbi gücünə ciddi zərər vuracaq. Məsələ ondadır ki, zədələnmiş təyyarələr arasında olan Tu-95MS və ya Tu-22M3 təyyarələri daha istehsal edilmir.
Nəşr yazır ki, zərərin miqyasını qiymətləndirmək üçün vaxt lazım olacaq, lakin istənilən halda bu, Rusiyanın uzaq məsafəli aviasiya imkanlarına əhəmiyyətli zərbədir.