BAKI, 13 may. TELEQRAF
Avropanın birliyi yalnız narkotiklərin leqallaşdırılması, cəzasızlıq və orada fəaliyyət göstərən siyasi rejimlərin əxlaqsızlığından ibarətdir.
Teleqraf xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova öz “Telegram” kanalında yazıb.
Daha əvvəl Yelisey sarayından bildirilmişdi ki, Fransa Prezidenti Emmanuel Makronun jurnalistlərin qarşısında tələsik masadan götürdüyü kiçik ağ bağlama narkotik deyil, salfetdir. Məlumatda bildirilirdi ki, "Avropanın birliyi maneə yaratdıqda, dezinformasiya o həddə çatır ki, adi cib dəsmalını narkotik kimi təqdim edirlər".
"Ümumiyyətlə, məntiqli və çoxdan yetişmiş bir sual yaranır: Avropanın birliyi nədən ibarətdir? Qatardakı kadrlara inansaq, narkotiklərin faktiki leqallaşdırılmasından, siyasi rejimlərin tam cəzasızlığından, ümumiyyətlə onların əxlaqsızlığından və qüsurluluğundan", - Zaxarova bu bəyanatı şərh edərkən yazıb.
Diplomatın sözlərinə görə, Parisin reaksiyasından sonra Berlini də dinləmək maraqlı olardı. “Yəqin ki, onlar da özünə hörmət edən hər bir Almaniya kanslerinin cibində şəkər üçün qaşıq gəzdirdiyini deyəcəklər. Təbii ki, Avropanın birliyi naminə", - o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Kiyevə səfər zamanı Fransa lideri Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Mertsin qatarda çəkilmiş videosu yayılmışdı. Videoda jurnalistlərin onların görüşünü çəkməyə başlamasından sonra Makronun tələsik kiçik ağ bağlamanı masadan götürməsi diqqətdən yayınmamışdı.