BAKI, 24 aprel. TELEQRAF

2024-cü ilin noyabrında qəbul edilmiş yeni dəyişikliklərə əsasən, Rusiya Federasiyasının nüvə strategiyası ölkəyə və ya Belarus Respublikasına qarşı, hətta adi silahlardan istifadə edilməklə edilən hərbi təcavüz halında nüvə silahından istifadə etmə hüququnu özündə saxlayır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS agentliyinə müsahibəsində bildirib.

“Rusiya Federasiyasının Milli Təhlükəsizlik Strategiyasına əsasən, əgər digər dövlətlər Rusiyanın suverenliyinə və ərazi bütövlüyünə təhlükə törədə biləcək qeyri-dost hərəkətlərə yol verərsə, bu halların qarşısının alınması və onların təkrarlanmaması üçün simmetrik və assimmetrik tədbirlərin görülməsi qanunidir”, - Şoyqu əlavə edib.

O vurğulayıb ki, nüvə silahları ilə bağlı çəkindirmə strategiyası kütləvi qırğın silahlarına və ya ciddi döyüş potensialına malik olan, Rusiyanı potensial düşmən kimi görən dövlətlərə və hərbi koalisiyalara qarşı yönəlib.