BAKI, 21 aprel. TELEQRAF

Birləşmiş Ştatlar hesab edir ki, Ukraynadakı münaqişənin həllini asanlaşdıra biləcək şərtlərdən biri Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) ətrafındakı ərazilərə Vaşinqtonun nəzarətinin yaradılması ilə onlara neytral statusun verilməsi ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə bazar günü "Wall Street Journal" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr Vaşinqtonun Zaporojye AES ətrafındakı hansı ərazilərə neytrallıq təklif etdiyini və ABŞ-nin bu ərazilərə, eləcə də stansiyaya nəzarəti hansı formatda həyata keçirə biləcəyini göstərmir.

ZNPP Zaporojye vilayətinin Enerqodar şəhərində yerləşir. Bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır. Obyekt 2022-ci ilin fevral ayının sonunda Rusiya qüvvələri tərəfindən nəzarətə götürülüb.

2024-cü ilin iyununda Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Moskvanın Ukraynada Krım, Sevastopol, DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin statusunun Rusiyanın subyektləri kimi tanınmasını nəzərdə tutan münaqişəni həll etməyə hazır olduğunu bəyan etdi.