BAKI, 21 aprel. TELEQRAF

Pentaqon rəhbəri Pit Heqset özəl mesencerində Yəməndəki hərbi əməliyyatlar haqqında məxfi məlumatları paylaşıb.

Teleqraf xəbər verir ki, bu barədə "New York Times" (NYT) öz mənbələrinə istinadən xəbər verir.

Qeyd olunur ki, martın 15-də Heqset onlayn söhbət otağında Yəməndəki Husi mövqelərinə zərbələr endirən F/A-18 Hornets təyyarələrinin uçuş cədvəlini dərc edib. Söhbətdə həyat yoldaşı Cennifer, qardaşı Fil və vəkil Tim Parlatore ilə yanaşı, onun yaxın çevrəsindən 10-a yaxın adam, o cümlədən iki vəzifəli şəxs iştirak edib. Söhbət Heqsetin şəxsi telefonu vasitəsilə aparılıb.

“Çatdakı müzakirələr təşkilati məsələlərə aid idi, lakin məlumatların sızması qalmaqala səbəb oldu”, - nəşr qeyd edir.

Martın 24-də "The Atlantic"in baş redaktoru Cefri Qoldberq bildirib ki, onu səhvən "Signal" messencerində ABŞ hökumətinin gizli söhbətinə əlavə ediblər. Nəticədə jurnalist yüksək rütbəli Amerika rəsmilərinin Yəməndəki hərbi əməliyyatın təfərrüatını müzakirə etdiklərinin şahidi olub.