BAKI, 20 aprel. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İtaliyada görüşlərini davam etdirir.

Teleqraf xəbər verir ki, ailəsi ilə birlikdə paytaxt Romada olan Vens katoliklərin ruhani lideri Papa Fransisk ilə görüşüb.

Vatikandan verilən açıqlamada bildirilir ki, görüş zamanı Papa Fransisk Qəzzada atəşkəsə əməl olunmasının vacibliyini bildirib. "İsrail və Fələstin xalqlarının bütün əzablarına yaxın olduğumu bildirirəm. Münaqişə edən tərəflərə çağırışım budur: Atəşkəs elan edin, məhbusları azad edin və dinc gələcək istəyən, aclıqdan əziyyət çəkən insanlara kömək edin", - deyə ruhani lider bildirib.

Qeyd edək ki, Papa və Vatikan rəsmiləri Tramp administrasiyasının bir çox siyasətini, o cümlədən onun milyonlarla immiqrantı deportasiya etmək planlarını və xaricə yardım, sosial rifah proqramlarını kəsməsini tənqid ediblər. Papa sərt anti-immiqrant siyasətini "rüsvayçılıq" adlandırıb.