BAKI, 20 aprel. TELEQRAF

Dünən Rusiya Prezidenti Putin Pasxa bayramı ilə əlaqədar 30 saatlıq atəşkəslə bağlı təkliflə çıxış edib. Ukrayna Prezidenti Volodimir Zelenski də bu təklifə razılıq verib. Bəs saat aprelin 19-u, saat 18.00-dan qüvvəyə minən atəşkəsdən sonra nə dəyişib?

Teleqraf "Politika Stranı" Telegram kanalındakı kiçik xronikanı təqdim edir:

1. Hər iki tərəfdən atəşkəsi pozmaqla bağlı ittihamlar var. O cümlədən sinxron ittihamlara da rast gəlinir. Məsələn, Xerson hərbi adminstrasiyasının rəhbərinin Rusiyanın Dnepr çayının sağ sahilinə zərbələri ilə bağlı bəyanatından sonra Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş “qubernatoru” Saldo da oxşar bəyanatla çıxış edib.

2. Zelenski bir çox cəbhələrdə sakitliyin yarandığını təsdiqləyib. Amma onun sözlərinə görə, atəşkəs Kursk və Belqorod vilayətlərində işləmir.

3. Ukrayna və Rusiya Federasiyasındakı bəzi hərbi və ictimai şəxslər atəşin davam etdiyini bildirir və buna görə bir-birini günahlandırır. Amma çoxları yazır ki, atəşin intensivliyi xeyli azalıb.

4. “Strana”ya açılama verən Ukrayna hərbçiləri bildiriblər ki, bir çox hallarda yuxarıdan əmr olmadan belə atəşkəs rejimini qoruyurlar. "Ruslar atəş açmırsa, onda biz niyə atəş açmalıyıq? Onsuz da çox işimiz var - sükutdan istifadə edərək təchizatı çatdırmaq, yaralıları cəbhə xəttindən çıxarmaq və rotasiya etmək. Heç kim bilmir ki, növbəti dəfə belə bir şey nə vaxt baş verəcək. Biz vəziyyətdən istifadə etməliyik. Düzdür, qorxu var ki, ruslar da eyni şeyi cəbhə xəttində həll etməyə çalışırlar. Ukraynalı zabitlərdən biri “Strana”ya bildirib ki, hazırda əsas şey rotasiya həyata keçirmək, təchizatı artırmaq və yaralıları təxliyə etməkdir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünən müharibə bölgəsində Pasxa atəşkəsinin başlanması barədə açıqlama verib. Atəşkəs aprelin 19-u saat 18:00-da başlayıb və bazar ertəsi gecə saat 12-yə qədər qüvvədə olacaq.

Rusiya və Ukrayna arasındakı müharibə 2022-ci il fevralın 24-dən davam edir. 2023-cü ilin yanvar ayında Rusiya hakimiyyəti “Milad atəşkəsi” elan etmişdi, lakin döyüşlər dayanmamışdı.