BAKI, 19 aprel. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın gələcək kansleri kimi adı hallanan Fridrix Merzin bəyanatına kəskin və ironik şəkildə reaksiya verib.

Teleqraf xəbər verir ki, bu barədə diplomat rəsmi teleqram kanalında açıqlama yayıb.

Zaxarova Merzin "Almaniya Avropada və dünyada yenidən məsuliyyəti üzərinə götürəcək" fikrini sitat gətirərək sual ünvanlayıb:

"Yenidən" hansı tarixi dövrü nəzərdə tutur? Mən bu məsələyə aydınlıq gətirilməsini istərdim", - deyə Zaxarova qeyd edib.

Zaxarovanın bu ironik sualı ictimaiyyətdə Almaniyanın keçmişi, xüsusilə də İkinci Dünya müharibəsi dövrü ilə bağlı assosiasiyalar yaradıb.

Qeyd edək ki, Mariya Zaxarova bundan öncə də sərt və diqqətçəkən açıqlamaları ilə gündəmə gəlib. O, Ukrayna Prezidenti Volodimir Zelenskini "qanlı qırıcı" adlandırmış, məşhur rusiyalı sirk ustası Yuri Kuklaçevə qarşı tətbiq edilən sanksiyaları isə tənqid etmişdi.