BAKI, 19 aprel. TELEQRAF
Yəmənin "Ənsarullah" (husilər) hərəkatı ABŞ-yə xəbərdarlıq edərək Ras İsa limanına edilən son qanlı hücumu hərbi cinayət adlandırıb.
Teleqaf xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Qiyamçılar bu addımı Vaşinqtonun bölgədəki uğursuzluğunun göstəricisi kimi qiymətləndirib.
“Limanın hədəfə alınması Yəmən xalqına ərzaq və tibbi yardımların çatdırılmasını əngəlləmək məqsədi daşıyır. Bu hərbi cinayət Amerikanın yaşadığı məğlubiyyətin dərinliyini ortaya qoyur”, - hərəkatdan bildirilib.
ABŞ-nin bu cür hücumlarla Yəmən xalqına qarşı təzyiqləri artırmağa çalışdığı qeyd olunub.
Hərəkat əlavə edib ki, bu hücumlar Yəmənin məzlum Fələstin xalqına verdiyi dəstəyə cavab olaraq həyata keçirilir, lakin Vaşinqton bu hücumlarla heç bir məqsədinə nail ola bilməyəcək.
Husi qiyamçıları ABŞ-nin təcavüzünün cavabsız qalmayacağını və Amerika ilə qarşıdurmanı ən yüksək səviyyəyə çatdırmağa tam hazır olduqlarını bəyan ediblər.