BAKI, 14 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ağ Evin keçmiş rəhbəri Co Bayden tərəfindən Rusiya əleyhinə yönəlmiş sanksiyaların müddətini uzatması texniki və avtomatik xarakter daşıyır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "TASS"ın sualını cavablandırarkən bildirib.

“Başqa bir qərar gözləməyə dəyməzdi, çünki bu, əsasən avtomatik həyata keçirilən bir prosesdir”,- o qeyd edib.

Söhbət 15 aprel 2021-ci il tarixli 14024 saylı fərmandan gedir. Bu fərman Co Baydenin rəhbərlik etdiyi ABŞ administrasiyası tərəfindən dəfələrlə genişləndirilib və uzadılıb.

Fərmana əsasən, Rusiya vətəndaşları və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq olunub. ABŞ hökumətinin iddialarına görə, bu şəxslər və qurumlar kiberhücumlarda, ABŞ və digər ölkələrin seçkilərinə müdaxilələrdə, amerikalı vətəndaşlara zərər yetirilməsi və ya onların öldürülməsi hallarında, həmçinin sanksiyalardan yayınmaq məqsədilə aparılan maliyyə və digər əməliyyatlarda iştirak ediblər.