BAKI, 9 aprel. TELEQRAF

Ticarət müharibələrinin qlobal nəticələri olacaq.

Teleqraf xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Onun sözlərinə görə, ticarət tarifləri ilə alovlandırılan bu müharibələr qlobal miqyasda nəticələr doğuracaq.

“Böyük, ya kiçik olmasından asılı olmayaraq, hər kəsi əhatə edəcək güclü bir qasırğanın gələcəyini söyləmək mübaliğə olmaz”, - Ərdoğan vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, kapital bazarlarında yaşanan “zəlzələnin” fəsadları hələ tam aradan qalxmayıb və bir çox iri iqtisadiyyatların tənəzzülə uğrama ehtimalı böyükdür.

Bununla belə, Türkiyə Prezidenti bildirib ki, ölkəsi dünyadakı iqtisadi sarsıntılardan ən az itki ilə çıxan dövlətlərdən biridir: “Hazırda həyata keçirdiyimiz proqram iqtisadi problemləri həll edəcək və bizi sarsıntılara qarşı daha dayanıqlı edəcək. Dünyada ciddi qeyri-müəyyənlik hökm sürür, lakin Türkiyənin güclü iqtisadi proqramı var. Biz ticarət, istehsal və ixrac sahəsində mənfi ssenari gözləmirik. Çünki aşağı tarifli bir ölkə olaraq bu dövrü daha rahat geridə qoyacağıq”.