BAKI, 9 aprel. TELEQRAF
ABŞ-nin konfrontal ritorikası fonunda İranın hərbi hazırlıq qərarı təbiidir.
Teleqraf xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-nin sərt və qarşıdurma yaradan ritorikası gərginliyin artmasına səbəb olur və İran rəhbərliyi də öz növbəsində zəruri və qabaqlayıcı müdafiə tədbirləri görür.
Peskov qeyd edib ki, hazırkı vəziyyət Moskvanı narahat edir: “Bu narahatlıq digərlərində olduğu kimi bizdə də var. Biz kifayət qədər sərt ritorika eşidirik. Bu isə vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarır”, - Kremlin sözçüsü vurğulayıb.
Peskov qeyd edib ki, bu cür şəraitdə əsas diqqət dialoqa yönəldilməlidir: “Ən başlıcası, biz bu cür şəraitdə danışıqlara dair xəbərlərə fokuslanmalıyıq”.
Xatırladaq ki, “Reuters” agentliyi yüksək rütbəli iranlı rəsmiyə istinadla yazıb ki, İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ-nin hədələrindən sonra ölkənin silahlı qüvvələrinə yüksək hazırlıq vəziyyətinə keçməyi əmr edib.