BAKI, 9 aprel. TELEQRAF

İranın nüvə proqramı ilə bağlı vəziyyət siyasi yollarla həll olunmalıdır

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya İranın nüvə proqramı ətrafında yaranan vəziyyətin yalnız siyasi və diplomatik yollarla həll olunmasına çalışır: “Ölkəmiz maksimum dərəcədə çalışır ki, bu məsələ hərtərəfli siyasi razılaşmalarla nizama salınsın. Son aylar ərzində bu istiqamətdə keçirilən görüşlər bunu təsdiqləyir”.

Zaxarova dünyada artıq İrana qarşı təhdid ritorikasının bezdirici hal aldığını və bu fonda real diplomatik həll yollarına ehtiyacın artdığını diqqətə çatdırıb.

XİN rəsmisi əlavə olaraq qeyd edib ki, sülhə bombardmanla yol açmaq mümkün deyil: “Qərbin İranın nüvə proqramı ilə bağlı şübhələri və xəbərdarlıqları beynəlxalq hüquq çərçivəsində, qarşılıqlı maraqlar balansı nəzərə alınmaqla mərhələli şəkildə aradan qaldırılmalıdır”.