Vilnüs sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın baş naziri Kiriakos Mitsotakis arasında keçiriləcək görüş həyəcana səbəb olub.

Teleqraf.com xəbər verir ki, yunan mətbuatı görüşdən gözləntilərini 3 bənddə ümumiləşdirərək onun tamamilə fərqli şərtlər altında keçəcəyini bildirib.

Mitsotakis ilə Ərdoğan arasındakı görüşdə nə olacaq? - sərlövhəli yazıda müəllif hər iki liderin arxalarında güclü səs çoxluğu ilə yenidən seçildiyini qeyd edib. O Türkiyədə baş verən dəhşətli zəlzələdən və Afinanı silkələyən qatar qəzasından sonra iki ölkə arasında münasibətlərin xeyli yaxşılaşdığına diqqət çəkib.

Məqalədə görüşün əhəmiyyəti 3 maddə ilə verilib.

1- İki ölkə və iki lider arasında əlaqələrin tamamilə yenidən qurulması,

2- Siyasət dialoqunun intensivləşdirilməsi, etimad quruculuğu tədbirləri və miqrasiya kimi məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsi,

3- Türkiyə və Yunanıstan arasında əsas məsələlər üçün addım-addım yol xəritəsinin hazırlanması, yanlış hərəkətlərdən qaçınmaq üçün moratoriumun saxlanılması.

Qeyd edək ki, ikili arasında görüş iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində olacaq.