ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfərindən əvvəl Ər-Riyad ölkənin hava məkanını İsrail də daxil olmaqla bütün mülki uçuşlar üçün açmağa qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi açıqlama verib.

“Səudiyyə Ərəbistanı beynəlxalq hava məkanından istifadə edən mülki uçuşlar arasında ayrı-seçkilik edilməməyi və beynəlxalq aviasiya əlaqəsini təmin etməyi şərtləndirən Beynəlxalq Mülki Aviasiya haqqında 1944-cü il Çikaqo Konvensiyasına riayət etmək səylərinə uyğun olaraq, ölkənin hava məkanını Mülki Aviasiya İdarəsinin tələblərini yerinə yetirən bütün uçuşlar üçün açmağa qərar verib”, - açıqlamada qeyd edilib.

Digər tərəfdən, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Prezident Baydenin Səudiyyə Ərəbistanının hava məkanını İsrail də daxil olmaqla bütün mülki uçuşlar üçün açması ilə bağlı tarixi qərarını alqışladığını bildirib.

Co Bayden dünən İsrail və Fələstindən sonra Səudiyyə Ərəbistanına gedəcəyini açıqlayıb. Səfər bu gün baş tutacaq.